Estoniyanın Tartu şəhərində bədii gimnastika üzrə “Miss Valentine” adlı beynəlxalq turnir keçirilib.
Korner.az-ın məlumatına görə, yarış yığmamız üçün uğurlu alınıb. Komandamız Tartu şəhərində 5 qızıl, 5 gümüş və 2 bürünc medal qazanıb.
Belə ki, 4 çıxışın nəticəsinə görə, həmçinin ayrı-ayrı alətlərdə – halqa, top və gürzlərlə yeniyetmə gimnastımız Jalə Piriyeva 4 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Böyüklər arasında çıxış edən Marina Durunda da gürzlərlə hərəkətlərdə qızıl medal əldə edib. O, həmçinin ümumi hesaba çoxnövçülük və halqa ilə hərəkətlərdə 2 gümüş, lent və topla ilə hərəkətlərdə 2 bürünc medal əlavə edib.
Böyüklərdən ibarət qrup hərəkətləri komandamız da çoxnövçülükdə, lent ilə hərəkətlərdə və gürzlər-halqa ilə kombinasiyada 3 gümüş mükafata yiyələnib.
Bu səfər gimnastlarımızın hava şəraiti əlaqədar olaraq, İstanbul hava limanında 30 saat qalmaqları ilə yadda qalıb.
Digər 2 gimnastımız Gülsüm Şəfizadə və Ayşən Bayramova isə Moskva hava limanına uğurla eniblər. Rusiyada Qran-pri yarışlarında çıxış edən Şəfizadə 4 çıxışın nəticəsinə görə 7-ci yerdə qərarlaşıb. Həmçinin top və lent ilə finallara çıxmağa müvəffəq olub. Onunla paralel gedən beynəlxalq yarışda isə Ayşən Bayramova da 7-ci pilləni tutub.
