Ötən gün baş tutan Türkiyə Superliqasının final mərhələsində "Qalatasaray" "Fənərbağça" ilə səfərdə qolsuz heç-heçə edərək çempion olub. Korner.az-ın məlumatına görə, əzəli rəqiblərin meydanında çempionluqu qeyd etmək istəyən Fatih Terimin komandası uzun müddət buna nail ola bilməyib. Yerli fanatlar əllərinə keçəni meydançaya atmaqla kubokun təntənəli şəkildə "Cim-Bom"a verilməsinə mane olub. Bundan sonra Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Yıldırım Dəmirörən kuboku futbolçuların paltardəyişmə otağında verilməsini təklif edib. Hətta kubok paltardəyişmə otağına, medallarla birgə aparılsa da, "Qalatasaray" rəhbərliyinin: "Biz çempionluğu meydanda qazandıq və meydanda da bayram etmək istəyirik" – deməsi TFF-ni daha da çətin vəziyyətə salıb.
"İmperator"un komandası istəyinə gec də olsa nail olub. Bakı vaxtı ilə saat 01:45-də kubok "Qalatasaray"a təqdim olunub və çempion komanda kuboku boş tribunalar önündə başı üzərinə qaldırıb.
Bununla da, Fatih Terimin yetirmələri 18-ci dəfə Türkiyənin ən yaxşısı olaraq “Fənərbağça”nın rekordunu təkrarlayıb.