Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsində millimizin rəqibi olan komandaların oyunlarının izlənməsi ilə bağlı affa.az saytına açıqlama verib. Korner.az-ın məlumatına görə, Foqts Rusiya millisinin oyunlarını təhlil olunmasını düzgün hesab etmir:
«Avro-2012-də Portuqaliya millisinin keçirəcəyi bütün oyunları izləyəcəyik. Rusiya yığmasının bizim üçün bu çempionatda təhlil olunmasını düzgün hesab etmirəm. Çünki Dik Advokatın gedişindən sonra komandada dəyişikliklərin olacağı şübhəsizdir. Mayın 26-da keçiriləcək Çexiya – İsrail oyununu köməkçim Olaf Yansen, mayın 31-də Almaniya – İsrail qarşılaşmasını isə özüm izləyəcəyəm. Şimali İrlandiya yığmasının 2 oyununa baxmışıq, digər qarşılaşmalarını da diqqət mərkəzində saxlayacağıq. İyunun 2-də isə Lüksemburq – Malta oyununu izləyəcəyəm».