FİFA futbolçulara tətbiq etdiyi dopinq testdən hakimləri də keçirmək niyyətindədir. Korner.az-ın məlumatına görə, bu barədə qurumun tibb xidmətinin rəhbəri İrji Dvorak açıqlama verib. O bildirib ki, hakimlərin işi də oyunun bir hissəsidir. FİFA İcraiyyə Komitəsinin üzvü, belçikalı Mişel Uge isə hakimlərin də idmançılar, futbolçular kimi olduqlarını və onlara da eyni qaydanın tətbiq olunmasının vacibliyini vurğulayıb. Bu, həyata keçsə, hakimlər oyunlar öncəsi testdən keçəcəklər.
Qeyd edək ki, hazırda hakimlər yalnız fiziki hazırlıq üzrə testdən keçməklə kifayətlənirlər.