Futbol üzrə Türkiyə Super Finalında çempionu müəyyənləşdirəcək “Fənərbağça” – “Qalatasaray” derbisinin baş hakimi müəyyənləşib. Bu, məşhur FİFA referisi Cüneyt Çakırdır.
Çakır Super Finalın ötən 5 turu ərzində heç bir oyuna təyinat almayıb. Əvəzində o, Çempionlar Liqasında İspaniyanın “Barselona” və İngiltərənin “Çelsi” komandaları arasında keçirilmiş yarımfinal mərhələsinin cavab qarşılaşmasının baş hakimi olub. 36 yaşlı referi 8 iyun – 1 iyulda Ukrayna və Polşada keçiriləcək Avropa çempionatının oyunlarında da Türkiyəni baş hakim qismində təmsil edəcək.
Qeyd edək ki, mayın 12-də keçiriləcək “Fənərbağça” – “Qalatasaray” derbisi Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Super Finalda 5 turdan sonra “Qalatasaray” 46 xalla liderdir. “Fənərbağça” isə 45 xalla 2-ci pillədədir.
lent.az