Futbol

“Çempion olmaq, kuboku qazanmaq və avrokuboklarda oynamaq istəyirəm” – MÜSAHİBƏ

23.06.2012 , 09:46

“Qəbələ”nin mövsümlərarası fasilədə ilk transferlərindən olan Rəşad Abdullayev “Qəbələ FK” qəzetinə müsahibə verib. Korner.az həmin müsahibəni sizə təqdim edir:

– “Qəbələ”yə keçidinizdən başlayaq…
– Keçən çempionatın sonunayaxın “Qəbələ”nin maraq dairəsinə düşdüyümü bilirdim. Məsələnin rəsmiləşməsindən əvvəl qeyri-rəsmi danışıqlarımız oldu. Çünki mən hələ “Neftçi”nin futbolçusu idim. Çempionat başa çatan kimi “Qəbələ”nin rəhbərliyi ilə görüşüb, danışaqlara başladıq. Mövsüm başa çatanda isə razılığa gəldik və rəsmi müqavilə imzaladıq. Müqavilə 1 illik olsa da, sənəddə bu müddətin uzadılması şərti də var.

– Bu komandanı seçməyinizdə həlledici məqam nə oldu?
– “Qəbələ”yə keçməkdə çox da tərəddüd etmədim. Sözün düzü, elə komandaya keçmək istəyirdim ki, başım dinc olsun. Çünki hər hansı səbəbdən, deyək ki, maddi məsələyə görə tez-tez komanda dəyişməyi xoşlamıram. “Qəbələ”dəki vəziyyət, ab-hava, burada futbola olan münasibət, biz sözlə, komanda haqqında yetərincə məlumat toplamışdım. Klubun mənə olan marağı bir futbolçu kimi mənim üçün önəmli idi. Buna görə də bu məqamları götür-qoy etdim ki, sonradan mənə çətin olmasın.

– Avrokuboklarda çıxış edəcək klublardan birinə də keçə bilərdiniz…
– Əlbəttə, avrokubokda oynamaq çox yaxşıdır. Bu, hər futbolçu üçün daha bir sınaqdır. Mən də çalışdım elə komandaya keçim ki, bu il də olmasa, gələn il avrokuboklarda çıxış etsin. İnşallah, komandam çoxdan gözlədiyi nəticəni mən oynadığım vaxtda qazanar. Doğrudan da, “Qəbələ”yə layiqli futbolçu olduğumu sübut etmək istəyirəm.

– “Qəbələ”də vaxtilə bir yerdə oynadığınız şəxslər var: komandanın rəisi Ramiz Kərimov, futbolçu Elmar Baxşıyev…
– Doğrudur. Uzun illər onlarla, eləcə də “Qəbələ”nin uşaq futbolunda çalışan məşqçiləri Sənan Qurbanov və Azər Bağırovla bir yerdə oynamışıq. Demək olar, bir yerdə böyümüşük. Onlarla tez-tez danışırdım. Həmişə zarafatyana deyirdilər ki, yığ çantanı, gəl Qəbələyə.

-“Qəbələ”də debüt edəcəyiniz yeni mövsümdə əsas hədəfiniz nə olacaq?
– Həmişə oynadığım komandada özümü göstərməyə, lider olmağa çalışmışam. “Qəbələ”ə üçün faydalı futbolçu olmağa çalışacağam. İstəyirəm, öz oyunumla hiss etdirim ki, komandaya yeni nəfəs gətirmişəm. Bunun üçün əlimdən gələni edəcəyəm.

– İndiyə qədər avrokuboklarda çıxış etməyən komandanın qarşısına böyük hədəflər qoyulub – çempionluq və ölkə kubokunu qazanmaq. Siz isə daim bu məqsədlər uğrunda mübarizə aparan futbolçu olmusunuz. Güman ki, bu amil də “Qəbələ”yə keçidinizdə rol oynayıb…
– Əlbəttə, klubun iddiası ilə mənim istəklərimin üst-üstə düşməyi “Qəbələ”yə keçidimdə böyük rol oynadı. “Qəbələ” neçə illərdir yaranıb, həmişə də yaxşı futbol oynayıb. Ancaq sonda ya bəxti gətirməyib, ya da oyunlarında qeyri-sabitlik olub. Növbəti mövsümdə də iddialarımız böyükdür. Çempion olmaq, kuboku qazanmaq və avrokuboklarda oynamaq istəyirik. İddialı klubda oynayanda, futbolçuda motivasiya da güclü olur. Həmin müsbət keyfiyyətləri “Qəbələ”də də göstərməyə çalışacağam.

– İndiyədək dəfələrlə “Qəbələ”yə qarşı oynamısınız, hətta indiki komandanıza qol da vurmusunuz. Rəqib futbolçu kimi bu komanda sizə necə təsir bağışlayıb?
– “Qəbələ”yə qarşı çox oynamışam. Bu komanda ilə oyunlarda bizə həmişə çətin olub. Ötən mövsüm “Neftçi”yə qarşı 4 oyunun 3-də “Qəbələ” qalib gəlib. Elə olub ki, mənim “Qəbələ” ilə oyunum yaxşı alınıb, qol da vurmuşam. Bu komandada məşqçi işi, fərqli taktika həmişə özünü göstərib.

– Həm yerli, həm də əcnəbi məşqçilərin rəhbərliyi altında oynamısınız. Fatih Kavlakla işbirliyindən nə gözləyirsiniz?
– Baş məşqçinin öz komandasında görmək istədiyi futbolçu olmaq böyük şeydir. Mən Kavlakla hələ görüşməsəm də, klubla müqavilə bağladıqdan sonra özü mənə zəng etdi. Məni təbrik etdi və xeyir-dua verdi. Gənc məşqçi olsa da, işi artıq göz qabağındadır. “Qəbələ” onun rəhbərliyi altında mövsümün son oyunlarında yaxşı nəticələr qazandı. “Qəbələ”nin “Neftçi” ilə oyunların 3-də qalib gəlməsində də Fatih Kavlakın əməyi böyük olub. Növbəti mövsümdə qarşıya daha böyük məqsədlər qoyulub və bunu həyata keçirmək üçün əl-ələ verib çalışmaq lazımdır.

– Təbii ki, bunun üçün heyət gücləndirilir, səviyyəli legionerlər transfer olunur. Siz cinah yarımmüdafiəçisisiniz, əsasən, sağda oynayırsınız. Orada Viktor Mendi, solda isə Dodo oynayır. Komandamızın liderləri olan bu güclü legionerlərlə rəqabətə hazırsınızmı?
– Əlbəttə, hazıram. Bunu görəcəksiniz. Məşqçilər hansı taktikanı seçsələr, ona uyğun oynayacağıq. Yəqin ki, təlim-məşq toplanışlarında bu məsələnin üzərində iş gedəcək. Məşqçilər mənim hansı mövqedə oynadığımı və necə futbolçu olduğumu bilirlər. Mən də “Qəbələ”də güclü futbolçuların oynadığını bilirəm. Məni hansı mövqedə oynadacağına baş məşqçi qərar verəcək. Mən də öz mövqeyimdə heç kimdən zəif olmadığımı göstərməyə çalışacam.

– Oynadığınız komandalarda həmişə əsas heyətdə yer almısınız və demək olar, ehtiyatda qalmamısınız. Bunu necə bacarmısınız?
– İndiyədək müxtəlif millətlərdən olan baş məşqçilərlə işləmişəm. Onlar futbolçulardan özünəməxsus oyun üslubu və taktiki sxemlərə əməl etməyi tələb edirlər. Mən də onların istəyini meydanda yerinə yetirmişəm, qollarımı vurmuşam, ötürmələr etmişəm. Komandam üçün nə qədər xeyir vermişəmsə, baş məşqçilər də bunun qarşılığında o qədər mənə güvəniblər. Məşqçilər həmişə boş, yaxud zəif mövqelərə futbolçu axtarırlar. Konkret bir mövqedə faydalı ola bilirsənsə, əlbəttə, baş məşqçi səni həmişə əsas heyətdə oynadacaq.

– Təqdimatınız “I Qəbələ Kuboku” beynəlxalq turnirində oldu. Əvvəlki klublarınızda belə təqdimat olmuşdu?
– “Xəzər Lənkəran”da 100-cü oyunuma çıxanda buna oxşar bir tədbir olmuşdu. Onda mənə arxasında “Rəşad 100-cü oyun” yazılan mayka təqdim olunmuşdu. Amma Qəbələdəki təqdimat daha fərqli idi və məndə çox gözəl təəssürat yaratdı. Azarkeşlərin, rəhbərliyin mənə münasibəti, şəxsən klub prezidenti Tale Heydərovun orada olması, vitse-prezident Fariz Nəcəfovun formanı təqdim etməsi – bir sözlə, bu təqdimat hər cəhətdən gözəl alındı. Qəbələdə bu səviyyədə qarşılanmağımdan özüm də zövq aldım.

– Həmişə 27 nömrəli formada çıxış etmisiniz. “Qəbələ”də də sənə bu nömrəni veriblər. Bunu özünüz istədiniz, yoxsa…
– Bunu bilirdilər. Danışığımız belə oldu ki, 27 nömrəli formada oynayacağam. Hansı komandada oynamışamsa, bu nömrədə çıxış etmişəm.

– Bu rəqəmi seçməyininizin nəsə bir sirri var?
– Uşaq vaxtı həmişə 7 nömrəli formada oynamışam. 2004-cü ildə “Xəzər Lənkəran”a keçəndə komandada 7 nömrəli formada oynayan vardı. O vaxtdan 27 nömrəni götürdüm və indiyə kimi, necə deyərlər, bu nömrəyə sadiqəm.

– “Qəbələ” növbəti mövsümdə birinci yeri tutsa, siz ardıcıl 3-cü il çempionluq sevincini yaşayacaqsınız. Buna nail olmaq üçün nə etmək lazımdır?
– İlk növbədə çox işləmək və əzmkarlıq göstərmək, bir də çempionluğu ürəkdən istəmək. Hansı klubda oynamağımdan asılı olmayaraq, çempionluğu həmişə içimdə yaşatmağa, buna inanmağa çalışmışam. Gərək bütün futbolçular buna inansınlar. Mən Qəbələdəki meydançaları, bizim üçün yaradılan infrastrukturu gördüm. Belə yerdə futbol oynamamaq günahdır. İnşallah, komandaya uyğunlaşdıqdan sonra hər şey yaxşı olacaq.

– Üç il paytaxtda oynadıqdan sonra yenidən əyalətdə çıxış edəcəksiniz. Ailəli futbolçu kimi sizə çətin olmayacaq?
– Xeyr. Ailə vəziyyətimə görə “Qəbələ”nin təklifindən imtina etmək fikrində olmamışam. Mən peşəkar futbolçuyam və müqavilə şərtlərini götür-qoy etmişəm. Qəbələdə xeyli dost-tanışım var. Lazım olsa, ailəm də gəlib Qəbələdə qalacaq.

– Sizcə, “Qəbələ”yə keçidiniz uzun fasilədən sonra milli komandamıza qayıdışınıza yol aça bilərmi?
– Hansı klubda oynamağımdan asılı olmayaraq, həmişə milliyə düşməyə çalışmışam. Futbolda oyunun alınması vacib şərtdir. “Qəbələ”də elə oynamağa çalışacağam ki, həm komandada seçilim, həm də milliyə layiq olduğumu göstərim.

– “Qəbələ”ni daim dəstəkləyən fanatlara sözünüz nədir? Onlar yeni futbolçu kimi sizdən nə gözləsinlər?
– Azarkeşlər məni yaxşı qarşıladılar, onlarla da söhbətimiz oldu. Söz verdim ki, “Qəbələ”nin uğurları üçün çox şey edəcəyəm. Komandanı keçən mövsüm necə dəstəkləyirdilərsə, də elə dəstəkləsinlər. Biz futbolçular onları sevindirmək üçün əlimizdən gələni edəcəyik.

Son yazılar

Yuxarı