Türkiyənin "Karabükspor" klubundan istefa verən Bülənt Qorxmaz yenidən "Bakı"ya qayıdır. Korner.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, "Karabükspor"u Superliqada saxlayan çalışdırıcı yenidən "Bakı"nın baş məşqçi postuna gətirilir.
Bu məsələni araşdırmaq üçün “Bakı” futbol klubunun vitse-prezidenti Zeynal Məmmədovla əlaqə saxladıq. Məmmədov Korner.az-a açıqlamasında bunları dedi:
"Vallah biz demişik ki, xarici məşqçi gətirəcəyik. Ancaq Bülənt Qormazın "Bakı"ya gələcəyi haqda mənə elə bir məlumat yoxdu. Ola bilsin Hafiz müəllim (red- Hafiz Məmmədov "Bakı"nın prezidenti) kiminləsə danışıq aparır. Bülənt bəy dünən istefa verib. Bu barədə may ayının 17-sinən sonra bilincək".
Bülənt Qorxmaz Karabük klubunu qəbul edərkən komanda 8 xalla 16-cı pillədə olub. Qorxmazın rəhbərliyi altında komanda mövsümü 44 xalla 11-ci pillədə başa vurub. Digər tərəfdən, “Karabükspor” Türkiyə Kubokunda yarımfinaladək irəliləməyi bacarıb. Lakin "Fənərbağça" bu mərhələ də keçilməz olub. Bəs qısa zaman ərzində bu qədər uğur qazanmış baş məşqçinin istefa verməsinə sizcə səbəb nədi?