Bakı 2020-ci il Olimpiadasının keçirilməsinə iddia edən şəhərlərin şort-listinə (qısa siyahı) düşmədikdən sonra Kvebekdə keçirilən iclasdakı nümayəndələrimizdən biri, gənclər və idman naziri Azad Rəhimov Beynəlxalq Olimpiya Komitəsinin (BOK) bu qərarını şərh edib. Korner.az-ın məlumatına görə, nazir paytaxtımızın final mərhələsində mübarizəni dayandırmasına belə şərh verib:
“Biz Bakının final mərhələyə düşməməsindən çox kədərləndik, bu uğursuzluqdan sonra özünə gəlmək üçün güclü xarakter lazımdır”. Azad Rəhimov “Gamesbids.com”da dərc olunan şərhində deyib ki, Azərbaycan hər gün inkişaf edir. “Biz xalqımızın və regionun gələcəyinin yaxşılaşdırılması üçün xidmətlər sahəsi və infrastruktura böyük vəsaitlər yatırırıq. Biz bunun BOK-un İşçi Qrupunun məruzəsində etiraf olunmasından çox şadıq. Biz seçimdən uğurla keçmiş şəhərləri təbrik edir və onlara gələcək mübarizədə uğurlar arzulayırıq. BOK-un qərarı bizim üçün uğursuzluq olsa da, sizi əmin edirəm ki, biz MOK-un bütün tövsiyələrini dinləyəcək, səhvlərimizi düzəldəcək və növbəti dəfə daha da güclənərək geri qayıdacağıq. Biz sübut etmək istəyirdik ki, Olimpiya oyunları təkcə idmana deyil, həm də millətin sağlamlığı və həyat keyfiyyətinin yaxşılaşdırılmasına investisiyalar deməkdir. Biz olimpiya hərəkatına oyunların keçirilməsinin gələcəkdə də istifadə oluna biləcək modelini nümayiş etdirmək istəyirdik”.