“Xəzər Lənkəran” klubunun son transferi, “Beto” ləqəbli braziliyalı futbolçu Andre Roberto Suares da Silvanın müsahibəsi
– “Xəzər Lənkəran”a keçidiniz necə baş tutdu?
– Sərbəst futbolçu idim. “Xəzər Lənkəran” nümayəndələri məni tapıb, təklifini etdilər. Mən də razılaşıb, müqavilə imzalamağa gəldim.
– İndiyədək Azərbaycan, “Xəzər Lənkəran” haqda məlumatınız var idi?
– Bircə onu bilirdim ki, Yannik Kamanan Azərbaycanda çıxış edir, Jaba da əvvəllər oynayıb. Başqa məlumatım yox idi.
– Tanımadığınız ölkəyə transfer olunmağa razılıq verməzdən öncə tərəddüd etmədiniz?
– Xeyr. Agentim təklif haqda danışanda tərəddüdsüz razılaşdım.
– Həmin vaxt başqa təkliflər var idi?
– Bəzi Türkiyə klublarından təklif almışdım.
– Superliqadan idi, yoxsa 1-ci liqadan?
– Superliqa təmsilçiləri idi.
– Hansı klubları idi?
– Bu gün “Xəzər Lənkəran”dayamsa, əvvəl təklif aldığım klubların adlarını açıqlamağa ehtiyac yoxdur.
– “Xəzər Lənkəran”a üstünlük verməyinizin səbəbi nə idi?
– Agentim “Xəzər Lənkəran”ın planları, layihələri haqda məni məlumatlandırmışdı. Həm də 6 il Türkiyədə oynamışdım. Mühiti dəyişmək, özümü yeni bir məkanda sınamaq istəyirdim.
– Artıq neçə gündür ölkəmizdəsiniz. Təəssüratlarınız necədir?
– Bakı çox gözəl şəhərdir. Çox xoşuma gəldi.
– Bəs komanda haqqında?
– “Xəzər Lənkəran” yaxşı komandadır. Heyətində də güclü futbolçular var.
– Xeyli vaxt Türkiyədə çıxış etmisiniz. Azərbaycanla Türkiyəni müqayisə edə bilərsiniz?
– Azərbaycan və Türkiyə futbolunu müqayisə edəndə müəyyən fərq üzə çıxır. Türkiyə futbolu güclüdür.
– Azərbaycanda heç bir oyuna çıxmamış bunu nəyə əsasən deyirsiniz?
– Türkiyə klubları ilə təlim-məşq toplanışlarında olanda təmsilçinizlə görüşmüşəm.
– Hansı komanda ilə?
– Adını bilmirəm. Amma Jaba orada oynayırdı. Biz həmin oyunda qalib gəldik.
– İlk mövsüm üçün hədəfiniz nədir?
– Mümkün olan bütün titulları qazanmaq. Bununla da avrokuboklara vəsiqəni əldə etmək.
– Bəs fərdi? Məsələn, bombardir olmaq…
– Qol vurmaq! Özü də mümkün qədər çox. Bu qollarla da komandamın qələbələrində rol oynamaq.
apasport.az