Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində bu axşam "Mura" ilə qarşılaşacaq "Bakı" tam heyətlə "Dalğa Arena"da məşqə çıxıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Novruz Əzimovun rəhbərliyi altında oyunöncəsi son məşq yüksək əhval-ruhiyyədə keçib.
Qızınma hərəkətlərinin ardından iki qrup halına bölünərək birqapıya oyun başladan Novruz Əzimov standard vəziyyətlərin icrasına da xüsusi zaman ayırıb.
Aqil Məmmədov qapıda inamlı təsir bağışlayınca, əks tərəfdə yer alan futbolçular gənc qapıçını məyus etməyə çalışıblar. Bəzi hallarda buna nail olan oyunçular sevinclərini məşqi izləyən çoxsaylı media nümayəndələri ilə bölüşüblər.
"Bakı"nın məşqindən sonra qonaq komandanın məşqi planlaşdırılırdı. Ancaq "Mura"nın viza problemi yaşaması ilə şəhərimizə nəzərdə tutulduğundan gec gəlməsi səbəbindən məşq baş tutmayıb.
Qeyd edək ki, "Bakı" – "Mura" oyunu bu axşam saat 21:00-da başlayacaq.