Polşa və Ukraynada təşkil olunacaq futbol üzrə 2012-ci il Avropa çempionatında azarkeşlərin özləri ilə stadionlara gətirə bilməyəcəkləri əşyaların siyahısı açıqlanıb.
Korner.az-ın məlumatına görə, yarış təşkilatçıları qadağan olunmuş əşyalara çətir, butulka və digər şüşə, metal və ya plastik qabları, alkoqollu içkilər, stimulyatorlar, narkotik və psixotrop maddələr, partlaycı, odlu və soyuq silahları aid ediblər.
Azarkeşlər stadionlara peşəkar foto-video aparatla, pirotexniki və lazer göstəriciləri ilə girə bilməzlər. Stadionlarda ölçüsü 2 X 1,5 metrdən böyük bayraq və bannerlər gətirmək də qadağan olunub. İcazə verilən ölçüdən böyük bayraqlardan yararlanacaq azarkeşlər qrupu bu barədə UEFA-nı və ya qurumun təyin etdiyi istənilən səlahiyyətli şəxsi oyuna bir gün qalmışadək məlumatlandırmalıdır. Habelə, oyunlara şlem, nərdivan, kətil, yumşaq stul, qutu, çanta, beldən asılan çanta və ölçüsü 25 X 25 X 25 sm-i keçən, stadionda azarkeş oturacaqları altında qoyulması mümkün olmayan digər əşyaları da gətirmək olmaz. Qadağa səsgücləndiricilər, sirenalar, digər mexaniki və ya elektron akustik qurğular, klaksonlar, 2010-cu il dünya çempionatı zamanı azarkeşlərin yararlandıqları vuvuzelalar, reklam məhsulu, rulon və böyük ölçülü vərəqələrə də şamil edilir. Yalnız UEFA-nın icazəsi ilə stadionlara heyvan keçirmək olar. Sənəddə bu siyahının tam olmadığı da vurğulanıb. Bu və ya digər əşyaya qadağanı arenanın təhlükəsizlik xidməti əməkdaşları da yerindəcə qoya bilərlər.
Qeyd edək ki, Avropa çempionatı iyunun 8-dən iyulun 1-dək keçiriləcək.
lent.az