"Komanda da hər şey qaydasındadı. "Neftçi" ilə ilk oyuna bir həftə vaxtımız var. Ümid edirəm ki, hər şey bizim üçün yaxşı olacaq". Korner.az-ın məlumatına görə, bu sözləri APOEL klubunun yarımmüdafiəçisi Qustavo Manduka deyib.
Kipr mətbuatına danışan braziliyalı futbolçu "Neftçi" səddini keçəcəklərinə inandığını bildirib: "Neftçi" ilə oyuna ciddi hazırlaşırıq. Təbii ki, komandada müəyyən çatışmazlıqlar da var. Ancaq bunun üzərində çalışır və özümüzü bu oyuna maksimum hazırlayırıq.
Rəqib haqda ətraflı məlumat toplamalıyıq və onları düzgün təhlil etməliyik. Əks təqdirdə işimizi çətinə salarıq. "Neftçi"nin öz meydanında yaxşı oynadığını bilirik. Ona görə də ilk oyunda çox diqqətli oynamalıyıq. Bununla belə, "Neftçi" səddini keçəcəyimizə inanıram".
Qeyd edək ki, "Dalğa Arena"da baş tutacaq "Neftçi" – APOEL oyunu avqustun 23-də, saat 21:00-da başlayacaq.
