7 iyun 2012-ci il «Kapital Bank U-15 Liqa»nın «Bakı» – «Neftçi» final qarşılaşmasından sonra hər iki klub nümayəndələri arasında baş vermiş kütləvi insidentlə əlaqədar İntizam Komitəsi aşagıdakı qərarları qəbul etdi:
1. Kütləvi dava-dalaşda iştirak etdiyinə görə «Bakı» FK-nın vitse-prezidenti Yaşar Seyidovun Premyer Liqa, əvəzedicilər, I divizion, U-11, U-13, U-15, U-16 və U-17 liqalarında keçirilən 12 rəsmi oyunda stadiona girişi qadağan olunsun və klub 6000 (altı min) manat məbləğində cərimə olunsun. Bu cəza hər bir yarışa ayrı-ayrılıqda 12 oyun olaraq müəyyən edilmişdir (maddə 39).
2. Kütləvi dava-dalaşda iştirak etdiyinə görə «Neftçi» PFK-nın icraçı-direktoru Mübariz Xudiyevin Premyer Liqa, əvəzedicilər, I divizion, U-11, U-13, U-15, U-16 və U-17 liqalarının hər birində keçirilən 10 rəsmi oyunda stadiona girişi qadağan olunsun və klub 6000 (altı min) manat məbləğində cərimə olunsun. Bu cəza hər bir yarışa ayrı-ayrılıqda 10 oyun olaraq müəyyən edilmişdir (maddə 39).
3. «Bakı» FK-nın qapıçılar üzrə məşqçisi Muammer Zekir aqressiv hərəkətlərinə görə 20 oyunluq kənarlaşdırılır (maddə 38).
4. «Neftçi» PFK-nın məşqçisi Arif Abbasov aqressiv hərəkətlərinə görə 20 oyunluq kənarlaşdırılır (maddə 38).
5. «Bakı» FK-nın futbolçuları Elçin Tağıyev, Mahir Mədətov və Renat Ağaverdiyev kütləvi dava-dalaşda aktiv iştirak etdiklərinə görə növbəti mövsümdə keçiriləcək müvafiq yaş qrupunda olan yarışlardan 6 oyunluq kənarlaşdırılır (maddə 38).
6. «Neftçi» PFK-nın futbolçuları Zeynal Zeynalov, Teymur Kamal və Emil Həsənzadə kütləvi dava-dalaşda aktiv iştirak etdiklərinə görə növbəti mövsümdə keçiriləcək müvafiq yaş qrupunda olan yarışlardan 6 oyunluq kənarlaşdırılır (maddə 38).
7. «Neftçi» PFK «Kapital Bank U-15 Liqa»nın qalibi üçün nəzərdə tutulan ölkə xaricində təlim-məşq toplanışına göndərilmək və qiymətli mükafatlar almaq hüququndan məhrum edilsin.
8. «Bakı» FK «Kapital Bank U-15 Liqa»nın ikinci yerinin sahibi üçün nəzərdə tutulan qiymətli mükafatlar almaq hüququndan məhrum edilsin.
9. «Neftçi» PFK və «Bakı» FK-nın U-15 komandasının kütləvi dava-dalaşda iştirak edən üzvlərinin milliyə çağırılmasına qeyri-müəyyən müddətə qadağa qoyulsun. Müvafiq yaş qrupları üzrə yığma komandaların baş məşqçilərinin təqdimatına əsasən bu məsələyə yenidən baxıla bilər.
10. «Neftçi» PFK və «Bakı» FK-nın rəhbərləri komanda üzvləri arasında etik qaydalara riayət olunması, rəqib komandanın üzvlərinə və rəsmi heyətinə hörmətlə davranması ilə bağlı müvafiq iş apararaq bu barədə AFFA-ya məlumat versinlər.
10 iyun 2012-ci il futzal üzrə Azərbaycan I divizionunun «Şturm» – «Baku Fire» matçının 27-ci dəqiqəsində «Baku Fire» klubunun 9 №-li futbolçusu Rüfət Rzayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlşadırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 27-ci dəqiqəsində «Bakı Fire» klubu meydançanı tərk edərək oyunu davam etdirmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 53)
