Gürcüstanlı futbolçu Georgi Adamiya “İnter”in heyətində Premyer Liqada ilk qolunu vurub. Korner.az-ın PFL-yə istinadən verdiyi məlumata görə, bu, IV turda “Turan”a 3:2 hesabı ilə qalib gəldikləri səfər oyununun 52-ci dəqiqəsində baş verib. Bununla 31 yaşlı yarımmüdafiəçi milli çempionatımızda heyətində qol vurduğu klubların sayını 4-ə çatdırıb.
Həmin oyuna kimi Adamiya “Neftçi”, “Bakı” və “Qarabağ” üçün də qollar vurmuşdu. 2005-ci ilin fevralında Azərbaycan çempionatında debüt edən Georgi ölkəmizdə 4 və daha çox komanda ilə qol sevinci yaşayan 5-ci legioner oldu.
Ona qədər milliləşənlər də nəzərə alınmaqla yalnız 4 futbolçu ən azı 4 komandada buna nail olmuşdu. 61-ci qolunu vuran Adamiya 3 futbolçuya çatsa da, moldovalı həmkarı Anatoli Doroşa məxsus mütləq rekord 5-ə bərabərdir. Adamiyadan təxminən 2 dəfə az – 32 qol vuran Anatoli buna 5 komandanın heyətində nail olub.
