"Simurq" qış hazırlıqlarına start vermək üçün ötən gün Antalyaya yola düşüb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, vitse-prezident Aydın Rizayevin rəhbərliyi altında qardaş ölkəyə gedən Zaqatala təmsilçisi sabahdan ehtibarən gündə iki dəfə olmaqla fiziki hazırlıqlı məşqlərə başlayacaq.
Legioner futbolçular isə öz ölkələrindən birbaşa Antalyaya gedəcəklər. "Simurq"un Antalyada təşkil olunmuş təlim-məşq toplanışı iki mərhələdən ibarət olacaq. "Sarı-qaralar" yanvar ayının 17-nə qədər "Mardan Spor Kompleksi"ndə fiziki ağırlıqlı məşqlər keçəcək və sonuncu gün ilk yoldaşlıq görüşünə çıxacaq.
İki günlük istirahətdən sonra komanda Bələk bölgəsində yerləşən "Atlantik" otelinə keçəcək və toplanışın növbəti mərhələsinə başlayacaq. Burada isə Zaqatala təmsilçisi dörd yoldaşlıq görüşü keçirməyi nəzərdə tutub. Komanda fevralın 1-də Antalya toplanışını başa vuraraq ölkəyə qayıdacaq.