Topaz Premyer Liqasının XVII turunun “Sumqayıt”la oyunu (1:3) “Kəpəz”in baş məşqçisi Şahin Diniyev üçün əlamətdar olub.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, komandasını 100-cü dəfə çempionat oyununa çıxarıb. 2004-cü ilin yayında “Gəncə” adlanan klubun baş məşqçisi təyin olunan Diniyev 2005-ci ilin sonunadək, yəni mövsümyarım komandaya rəhbərlik edib. Azərbaycan milli komandasının “sükanı arxasına” keçməsi ilə əlaqədar klubundan ayrılan çalışdırıcı 2015-ci ilin yayında “Kəpəz”ə qayıdıb.
Dörd müxtəlif mövsümdə qərblilərə rəhbərlik edən 51 yaşlı mütəxəssis bu müddətdə 35 qələbə sevinci yaşayıb. 32 heç-heçə və 33 məğlubiyyətə şahid olan Diniyevin komandası 119 qol vurub və 106-nı buraxıb. “Kəpəz” onun rəhbərliyi altında ümumilikdə 137 xal qazanıb.
