"Rəvan" klubunun əvəzedicilərdən ibarət komandası ötən gün "Bayıl Arena”da "Qaradağ Lökbatan”ın əsas komandasıyla üz-üzə gəlib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Bayıl qəsəbəsində baş tutan oyunda tərəflərin səylərinə baxmayaraq, hesab açılmayıb.
Qeyd edək ki, bu görüşdə əvəzedicilərdən ibarət komandanın baş məşqçisi Elşad Quliyev düşərgədə olan yeni futbolçuları sınaqdan keçirib.
Oyundan sonra Elşad Quliyev matçla bağlı klubun rəsmi saytına danışıb: "6 yeni futbolçu sınaqdan keçiririk. İlkin təəssürat çox yaxşıdır. Onlarla əməkdaşlıqda maraqlıyıq. Qarşıdakı hazırlıq oyunlarında da özlərini müsbət tərəfdən göstərə bilsələr, münasibətlərimiz rəsmiləşəcək”.
Qeyd edək ki, klubun əvəzedicilərdən ibarət komandası önümüzdəki günlərdə daha bir neçə yoxlama matçında qüvvəsini sınayacaq. Rəqiblər isə yanvarın 18-də "İnter”in əvəzedicilərdən ibarət komandası, 19-da "Rəvan”ın əsas komandası, ayın 28-də MOİK, fevralın 2-də isə "Neftçi”nin əvəzedicilərdən ibarət komandası olacaq.