“Barselona”nın ulduz futbolçusu Lionel Messi gələn ay növbəti dəfə “Qızıl top”a sahib olacaq. Bu barədə İspaniya xəbər agentliyi “Agencia News” məlumat verib.
Korner.az-ın məlumatına görə, qalibin adının açıqlanacağı tarixə (yanvarın 13-ü) bir aydan çox qalmış agentlik belə bir bəyanatla çıxış edib. Ötən il “Agencia News” qaliblərin elan olunmasına qədər ilk “5-liy”i düzgün qeyd etmişdi.
Agentliyin məlumatına görə, Kriştiano Ronaldo səsvermədə Messidən sonra 2-ci yeri tutub. “Real”ın futbolçusu artıq mərasimi boykot edəcəyini də bildirib.
3-cü yer Frank Riberiyə qismət olub. Ondan sonrakı yerdə Andres İnyesta, 5-ci pillədə isə Zlatan İbrahimoviç qərarlaşıb.
İlin məşqçisi adına Yupp Haynkes layiq görülüb. Ondan sonrakı yerlər Braziliyadan Luis Felipe Skolari və İspaniyadan Visente Del Boske tutublar.
