Topaz Premyer Liqasında 2012/13 mövsümünün yeni rekordu müəyyənləşib.
Korner.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, 31-ci turun 6 qarşılaşmasında qapılara 24 qol vurulub. Hər oyunda orta məhsuldarlığın 4-ə bərabər olduğu tur çempionatın yeni rekordudur. Bu, 22-ci turda qeydə alınan məhsuldarlıq rekordundan 3 top və ya 0,5 çoxdur.
Rekordun qeydə alınmasında 2 oyunun böyük rolu olub. Belə ki, 24 qolun 2/3-si “Turan” – “Kəpəz” və “Rəvan” – AZAL matçlarında vurulub. Hər 2 oyun qonaqların eyni – 5:3 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, nəticəsi ləğv olunan “Simurq” – “Rəvan” matçı nəzərə alınmamaqla 185 qarşılaşmada qapılara 453 top vurulub.