Topaz Premyer Liqasının arxada qalan 18 turu ərzində qapılara 238 qol vurulub.
Korner.az-ın araşdırmasına görə, dörd komanda eyni sayda, 21 qol vurub. Bunlar "Simurq", "Qəbələ", "Xəzər Lənkəran" və AZAL klublarıdı.
Geridə qalan 18 tur ərzində ən çox qol vuran komanda "Neftçi" (35 qol), ən az qol vuran komanda isə "Kəpəz"di (11 qol).
Hal-hazırkı duruma görə, "İnter" öz müdafiəsi ilə öyünə bilər. "Bankirlər" geridə qalan turlar ərzində cəmi 7 dəfə rəqiblərinə sevinmək imkanı verib. Autsader "Kəpəz" isə adətən "qol ehsanı" verir. Gəncə təsmilçisi 18 tur ərzində 36 dəfə topu qapısından çıxartmaq məcburiyyətində qalıb.
Premyer Liqada qapıları səhv salan futbolçularda az deyil. Geridə qalan 18 tur ərzində 6 futbolçu avtaqola imza atıb. Mövsümün ilk avtaqolu elə birinci turda qeydə alınıb. "Şəfa"da keçirilən "İnter" – "Qarabağ" matçında Admir Telli öz qapısına qol vurmaqla Ağdam təmsilçisini məyus edib. Qarşılaşma isə 1:1 hesabı ilə nəticələnib.
Mövsümün ikinci avtaqolu isə altıncı tura təsadüf edib. "Sumqayıt" – "Neftçi" matçında Xəyal Mustafayev qapıları səhv salan futbolçu olub. Qarşılaşma "şəhərlilər"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Üçüncü avtaqol isə 13-cü turda qeydə alınıb. Bu dəfə "Qarabağ" – "Simurq" matçında Zaqatala təmsilçisinin futbolçusu Elçin Süleymanov Ağdam təmsilçisini sevindirib. Oyun 2:1 hesabı ilə "Qarabağ"ın xeyrinə nəticələnib.
Növbəti avtaqolda 14-cü turda "Qarabağ"ın oyununda qeydə alınıb. Bu dəfə Ağdam təmsilçisi "Turan"la oyunda sevinib. Mikayıl Rəhimov topu öz qapısına vurmaqla Qurban Qurbanovu sevindirmiş olub. Matç 1:1 hesabı ilə nəticələnib.
Premyer Liqanın 15-ci turunun "Turan" – "Kəpəz" matçında qonaqların futbolçusu Aleksandr Kurtskeviç topu öz qapısına göndərməklə "qərb derbisi"ndə Tovuz təmsilçisini sevindirib. Qarşılaşma 5:1 hesabı ilə meydan sahiblərinin xeyrinə yekunlaşıb.
Turların ardıcıllıqı ilə gələn avtaqollarda son nöqtəni "Simurq"un futbolçusu Aleksandr Şemonayev qoydu. Müdafiəçi "Xəzər Lənkəran"la oyunda son saniyələrdə topu öz qapısına vurmaqla Cənub təmsilçisini məğlubiyyətdən xilas etdi – 2:2.
Səxavət QURBANOV