Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda “Qarabağ”ın qonağı olacaq İtaliya “İnter”i bu oyunun hazırlığına start verib.
Korner.az-ın Qol.Az-a istinadən verdiyi məlumata görə, Milan təmsilçisi “Ancelo Moratti” idman mərkəzində məşqə çıxıb.
Roberto Mançininin rəhbərlik etdiyi komanda sabah Bakıya gələcək. Saat 19:00-da jurnalistlərin suallarını cavablandıracaq Mançini yarım saat sonra komandasını “Qarabağ”la oyunöncəsi son məşqinə çıxaracaq.
Qeyd edək ki, dekabrın 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “İnter” oyunu saat 21:00-da başlayacaq.
