İkincilər
25.05.2021 , 17:02
Azərbaycan kubokunun tarixində ikinci dəfə finalda əzmkar nəticə qeydə alınıb.
Korner.az PFL-in saytına istinadən xəbər verir ki, “Sumqayıt”la qarşılaşan “Keşlə” məğlub duruma düşsə də, iki qol vuraraq oyunda dönüş yaradıb. 1992-ci ildən keçirilən turnirin əvvəlki 26 finalından yalnız birində hesabı açan komanda uduzub. Bu, 2005/06 mövsümünə təsadüf edib. “Karvan” “Qarabağ”la görüşdə ilk qolu vursa da, kuboku Ağdam təmsilçisi qazanıb – 2:1. Digər hallarda isə hesabı açan komandalar hətta qarşılaşmanın taleyi penaltilər seriyasına qədər uzansa da, sonda qalib tərəf olub.
“Keşlə” – “Sumqayıt” görüşündə vurulan erkən qol da Azərbaycan kubokunun finallarında 2-ci ən tez vurulan topdur. Miyusko Boyoviçin 3-cü dəqiqədəki avtoqolu iki il öncə Stiven Monrozun (“Qəbələ”) “Sumqayıt”ın qapısına vurulduğu topla eyni vaxta təsadüf edib. Mütləq rekord isə Roman Axalkatsiyə (“Karvan”) məxsusdur. O, 2005/06 mövsümündə “Qarabağ”la finalın ilk dəqiqəsində qol vurub.