Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə “Zirə”ylə qolsuz bərabərə qalan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Korner.az-ın məlumatına görə, Qurbanov belə danışıb:
– Hər iki komanda ehtiyatlı oynadı. Ancaq maraqlı oyun alındı. Qalib gəlmək üçün bir neçə dəyişiklik etdik. Ancaq alınmadı. Futbolçulardan razıyam.
– İlk dövrədə “Qarabağ” “Zirə”yə böyük hesabla (4:1) qalib gəlmişdi. Bu oyun isə heç-heçə bitdi…
– Komandamın oyunundan razıyam. Əvvəlki oyunda qalib gəlsək də, qollardan 3-nü standart vəziyyətlərdən vurmuşduq. Bu dəfə isə rəqib standart vəziyyətlərdə daha diqqətli idi. Bir daha şahid olduq ki, çempionatda hər bir komanda xal qazanmağa qadirdi. Rəqib göstərdiyi oyuna görə ilk 3 pilləyə layiqdi.
– “Qarabağ” xal qazansa da, rəqibləri xal itirir. Komandada buna görə arxayınlıq yoxdu ki?
– Futbolçularda arxayınlıq yoxdu. Bu mövsüm başlayandan mən komandada belə bir şey hiss etməmişəm. Sadəcə, bəzi oyunlarda fiziki yorğunluq olur.
– Maksim Medvedev bir müddət sol cinahda çıxış etsə də, bu gün yenə sağda oynadı. Bu onun sol cinahda ümidləri doğrultmamasıyla bağlı idi?
– Xeyr, mən onun oyunundan hər iki mövqedə razıyam.