Bu gün "Bakı" futbol klubunun A komandası iki həftə ərzində təlim-məşq toplantısı keçiriləcək Antalyaya yollanıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, əməliyyat sonrası bərpa dövrü keçən kosta-rikalı hücumçu Uinston Parks və milli komandada olan Namiq Ələsgərov xaric olmaqla tam heyətlə toplanan məşqçi-futbolçu heyəti və personal səfər qəlyanaltısından sonra klubun təlim-məşq bazasından ayrılıblar.
Klub rəhbəliyinin yaxşı yol arzuları ilə səfərə çıxan komanda Heydər Əliyev adına hava limanına istiqamət alıb. U-19 Azərbaycan milli komandasının heyətində ölkəmizi Qranatkin turnirində təmsil edən Namiq Ələsgərov bu gün Sankt-Peterburqdan birbaşa Antalyaya gələrək, düşərgəyə qatılacaq. Toplantıya dəvət alanlar arasında əvəzedici komandanın gənc üzvü Vüqar Bəybalayev də var.
Axşam saatlarında Antalyaya çatan və Bələkin "Rixos Premium" otelində məskunlaşacaq komanda sabah (15 yanvar 2013) təlim-məşq toplnatısı çərçivəsində ilk məşqinə çıxacaq. 14 gün davam edəcək (14-28 yanvar 2013) hazırlıq prosesi ərzində 3 yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulur.
Komandanın həkimi Rafiq Hüseynovun verdiyi raporta əsasən, hərarəti yüksək olan olan Əziz Quliyevdən başqa futbolçuların səhhəti ilə bağlı hər hansı bir narahatlıq yoxdur.