Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın potensial rəqibləri artıb. Mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq Ağdam klubu ilə qarşılaşa biləcək 10 komandanın adı dəqiqləşib.
Siyahıda artım həftəsonu bəzi ölkələrdə çempionların müəyyənləşməsi ilə baş verib. Bosniya və Herseqovina, Monteneqro və Macarıstanda birinciliklərin qalibi müəyyənləşib və onlar səpələnmişlər səbətində yer alacaq “Qarabağ”a rəqib potensial komandalar sırasında – səpələnməmişlərin arasında yer alıblar.
Sözügedən 10 komanda bunlardır:
1. “Dandalk” (İrlandiya)
2. “Vardar” (Makedoniya)
3. “Dudelanj” (Lüksemburq)
4. “Kukesi” (Albaniya)
5. “Zrinski” (Bosniya və Herseqovina)
6. “Buduçnost Podqoriça” (Monteneqro)
7. “Budapeşt Honved” (Macarıstan)
8. Mariehamn” (Finlandiya)
9. “Spartak” (Latviya)
10. “Samtredia” (Gürcüstan)
Mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq komandaların da səbətləri dəqiqləşib. Burda daha yüksək reytinqlilər sayılan TNS (Uels), “Linfild” (Şimali İrlandiya), “Vikinqur” (Farer adaları), “Hibernians” (Malta), “Santa-Koloma” (Andorra) səpələnmişlər səbətinə düşüblər. Onların “Qarabağ”a rəqib olmaq ehtimalı daha yüksək qiymətləndirilir.
Mübarizəyə burdan başlayacaq Ermənistan çempionu – “Alaşkert” mərhələ adlayacağı təqdirdə belə təmsilçimizə rəqib olmayacaq. Birinci mərhələnin digər səpələnməmişləri bunlardır: “La Fiorita” (San-Marino), “Europa” (Cəbəllütariq), “İnfonet” (Estoniya), “Trepça” (Kosovo).
İkinci təsnifat mərhələsinə qatılacaq daha 2 komandanın kimliyi, daha ikisinin isə səbəti bəlli deyil. “Jilina” (Slobvakiya) və “Jalgiris” (Latviya) həm “səpələnə”, həm də “səpələnməyə” bilərlər. Slovakiya çempionunun səpələnənlər arasında yer alması üçün Polşada “Legiya” və ya “Lex”, Moldovada isə “Şerif” Çempion olmamalıdır. Əks halda Ramil Şeydayevin də formasını geyindiyi komanda “Qarabağ”ın potensial rəqibləri sırasına düşəcək. Eyni şərt “Jalgiris” üçün də keçərlidir. Adıçəkilən Polşa və Moldova klubları isə çempion olacaqları təqdirdə “Qarabağ”ın yer aldığı səpələnmişlər səbətinə düşəcəklər. (futbolpress.az)