MPK-da iclas keçirildi
09.03.2022 , 18:45
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində (MPK) 2022 ci ildə keçiriləcək beynəlxalq yarışlara hazırlıq ilə bağlı işlər davam etdirilir.
Korner.az xəbər verir ki, komitə 2022 ci il 1-10 oktyabr tarixlərində keçiriləcək parapauerliftinq idman növü üzrə dünya çempionatı, həmçinin 7-9 noyabr 2022-ci il tarixlərində keçiriləcək paracüdo üzrə dünya çempionatına hazırlığın son mərhələsinə başlayıb. Bununla bağlı Milli Paralimpiya Komitəsində prezident İlqar Rəhimovun sədrliyi ilə iclas keçirilmişdir.
İclas zamanı İ.Rəhimov komitə əməkdaşlarına hazırlıqla bağlı müvafiq tapşırıqlar vermiş, eyni zamanda hər iki beynəlxalq yarış üçün təşkilat komitəsi təyin etmişdir. Təşkilat komitəsinə rəhbərlik Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədova həvalə olunmuşdur.
Daha sonra İ.Rəhimov Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyi münasibətilə Yaponiyanın Nippon Fondu və Milli Abilimpiya Federasiyasının birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda keçiriləcək “True Color Festival”-nın hazırlıq prossesi ile bağlı müvafiq tapşırıqlarını vermiş və festival üçün təşkilat komitəsi təyin etmişdir. Təşkilat komitəsinə rəhbərlik Milli Abilimpiya Federasiyasının vitse-prezidenti Rüfət Hacılıya həvalə olunmuşdur.