"Kəpəz"in təcrübəli üzvü, kapitan Azər Məmmədov futbolçu karyerasını başa vurub.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, müdafiəçi 36 yaşında butslarını mıxdan birdəfəlik asmaq qərarına gəlib.
Gəncə futbol məktəbinin yetişdirdiyi ən güclü oyunçulardan biri olan Məmmədov son 4 ildə “Kəpəz”də kapitan sarğısını daşıyıb. O, karyerası boyunca "Kəpəz" ilə yanaşı, "Xəzri", "MOİK", "Şəmkir", "Turan", "Qarabağ" və "Qəbələ" kimi klubların da şərəfini qoruyub. Bu komandalarla bir sıra uğurlar qazanıb. 4 qat Azərbaycan çempionu və 5 qat ölkə kubokunun qalibi olub. Həmçinin çempionatın gümüş və bürünc medallarını qazanıb. Azər "Kəpəz"də üst-üstdə 388 oyunda forma geyinərək, rəqib qapılarından 18 qol keçirib.
Məmmədov karyerasını bitirsə də, futboldan, doğma klubundan ayrı düşməyib. "Kəpəz"in rəhbərliyi komanda üçün xidmətlərini nəzərə alaraq, artıq sabiq futbolçuya məşqçi işləməyi təklif edib. Dəvəti müsbət cavablayan kapitan, əvəzedici heyətdə baş məşqçinin köməkçisi təyin olunub.
Klub rəhbərliyi Azər Məmmədovun bundan sonra məşqçi kimi komandanın uğur qazanmasında əlindən gələni edəcəyinə inanır və ona gələcək işlərində uğurlar arzulayır.