Yanvarın 10-dan təlim-məşq toplanışına start verən "Rəvan” klubunda çempionatın qalan bölümünə hazırlıq yüksək sürətlə davam edir.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Premyer Liqada ilk "altılıq" şanslarını saxlayan komanda yanvarın 16-dan məşqləri intensivləşdirib.
Belə ki, komanda artıq gündə iki məşq keçir. Səhər çalışmaları fiziki, axşam məşqləri isə texniki-taktiki yöndə aparılır. Zədəlilərlə bağlı heç bir problem olmadığından məşqdə hamı iştirak edir. "Bayıl” stadionunda keçirilən hazırlıqlarda yeni transferlər – Emin Mustafayev, Ramil Həşimzadə və Nodar Məmmədov xüsusi fəallıq göstərib.
Ümumiyyətlə, Premyer Liqanın təsnifat mərhələsinin son 4 matçına ciddi hazırlaşan komandada əhval-ruhiyyə çox yüksəkdir. Baş məşqçi Ramil Əliyevin tapşırıqlarını can-başla yerinə yetirən futbolçular hazırlıq matçlarının olduğu günlərdən başqa, hər gün 2 dəfə "Bayıl Arena”da məşq edəcək.
Xatırladaq ki, "Rəvan" fevralın 9-da "Turan”la keçiriləcək Premyer Liqa oyununa qədər ən azı 3 yoxlama görüşündə qüvvəsini sınayacaq.