“Müxtəlif fikirlər, cürbəcür iddialar səslənir. Klubun taleyini hərə bir cür yazmaq istəyir. “Xəzər Lənkəran”ı yaradan, sərmayə buraxan şəxs Mübariz Mənsimovdu. “Xəzər Lənkəran”ın fəaliyyətini dayandırmaq ehtimalı yoxdu. Çünki bu komandanın borcu yoxdu, infrastrukturu var. Stadionun borcu yoxdu. Belə bir komanda niyə davam etməsin ki?”.
Korner.az-ın apasport.az-a istinadən məlumatına görə, bunu “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.
Cənub klubunun rəsmisi bu gün jurnalistlərə açıqlamasında “Xəzər Lənkəran”ın gələcək hədəflərindən danışıb: “Xəzər Lənkəran” bəlkə də, Azərbaycanda yeganə komandadı ki, öz futbolçusunu yetişdirib, əsas heyətə cəlb edir, Premyer Liqada oynadır. İndi elə yığma komanda yoxdu ki, orda “Xəzər Lənkəran”ın oyunçusu yoxdu. Bu gün 5 əcnəbi gəlib oynayıb, gedəcək. Onun nə xeyri olur? Komandanın bu il məqsədi ölkə kubokunu qazanıb, Avropa Liqasına vəsiqə qazanmaqdı. Aşağı yaş qrupu komandalarımız öz yaşıdları arasında iddialıdılar. Kluba heç bir məhdudiyyət qoyulmayıb. Baş məşqçi, onun köməkçilər öz yerlərindədi. Yanvar ayından sanksiya aradan götürüləcək. Məşqçi heyəti də rahat transferlər edib, üçüncü dövrəyə başlayacaq. Təlim-məşq toplantımız baş məşqçinin istədiyi yerdə keçiriləcək. Rəhbərlik ona tam dəstək verəcək. Yaxın günlərdə geniş toplantımız olacaq. Komandanın hansı formatda fəaliyyətini davam etdirəcəyinə orda qərar veriləcək. Məni komandanın uğurlu və ya uğursuz çıxışı yox, yaşaması maraqlandırır”