TPL klublarının qış qrafiki
22.12.2018 , 14:28

Ölkə futbolunda 2018/19 mövsümünün ilk yarısı başa çatıb. Ötən gün keçirilən kubokun yarımfinal matçlarından sonra 1 aydan artıq müddəti əhatə edəcək fasilə əmələ gəlib. Mövsümün ikinci yarısına 2019-cu ilin 2 fevralında Topaz Premyer Liqasının XV turu ilə start veriləcək.
Fasilə müddətində Premyer Liqa təmsilçilərinin hamısı ölkə xaricində təlim-məşq toplanışı keçirəcəklər. Komandaların hər biri bunun üçün Türkiyənin Antalya bölgəsini seçib.
TPL klublarının hazırlıq dövrü və indiyə qədər dəqiqləşən yoxlama matçlarını nəzərinizə çatdırırıq…
“Neftçi”: 13-27 yanvar. “Ağ-qaralar” yanvarın 18-də “Qaz Metan” (Rumıniya), 23-də “Slovan”la (Liberets, Çexiya) yoxlama matçı keçirəcəklər. Daha bir yoldaşlıq görüşü planlaşdırılıb, lakin hələlik rəqib bəlli deyil.
“Qarabağ”: 6-27 yanvar. Komandanın yanvarın 23-də Polşa təmsilçisi “Pyast”la yoxlama matçı keçirəcəyi dəqiqləşib. Məlumatı rəqib komandanın saytı yayıb.
“Səbail”: 12-25 yanvar. Bakı klubu yanvarın 15-də “Aqvital” (Macarıstan), 21-də “Desna” (Ukrayna), 24-də isə “Kaysar”la (Qazaxıstan) qarşılaşacaq.
“Sabah”: 2-23 yanvar. Hazırlığa ən erkən başlayacaq Premyer Liqanın debütantı ayın 16-da “Tobol” (Qazaxıstan), 19-da “MTK Budapeşt” (Macarıstan) ilə üz-üzə gələcək.
“Qəbələ”: 13-27 yanvar. “Qırmızı-qaralar” ayın 16-da Almaniyanın “Meppen”, 24-də isə Rusiyanın “Fakel”, 26-da Macarıstanın “MTK Budapeşt” klubu ilə qarşılaşacaq.
Sumqayıt: 13-27 yanvar. Rəqiblər dəqiqləşməyib.
“Keşlə”: 13-26 yanvar. Rəqiblər dəqiqləşməyib.
“Zirə”: 13-27 yanvar. Komanda ayın 15-də “Taraz” (Qazaxıstan), 18-də “Konkordiya” (Rumıniya) ilə qarşılaşacaq.
