"Qarabağ" cari mövsüm qarşısına yüksək hədəflər qoyub.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırda ilk "3-lük"də qərarlaşan Ağdam təmsilçisi uzun illərdir həsrətində olduğu çempionluğa qovuşmaq istəyir. Bu məqsədlə bütün "Qarabağ" camiəsi eyni amal uğrunda sıx birləşib.
Son dönəmlərdə uğurlu qrafik cızan "Qarabağ"ın rəhbərliyi komandanı ziyarət edib. Klubun vitse-prezidenti Tahir Gözel, "Azərsun Holdinq" şirkətlər qrupunun rəhbər heyətindən Fevzihan Aras komandaya dəstək nümayiş etdirib. Yemək masası ətrafında səmimi söhbətdə Tahir bəy futbolçulara cari mövsüm ən yüksək hədəfi arzuladığını bildirib. Tahir bəy mövsümün sonunda çempionluq kubokunu baş üzərinə qaldırmağın gərəkdiyini bildirdi.
Bununla kifayətlənməyən Tahir bəy komandanın baş məşqçisi Qurban Qurbanovu yanına çağırıb. Öncə futbolçulardan hədəflərini soruşub. Çempionluq nidasını eşidən başqan Qurban Qurbanova dönüb "mən də çempionluq istəyirəm, mənə çempionluq zəfəri lazımdır" dedi. Qurban Qurbanov isə başqana çempionluq sözü verdi. Bu məqamda zalı bürüyən alqış sədaları mayda qazanılacaq zəfərin ilkin sədası idi.