Qəbələdə ənənə davam edəcəkmi?
Azərbaycan millisinin oyunu ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən sonra “Qəbələ” ilk oyununu noyabrın 19-da keçirəcək.
Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komandanın rəqibi Gəncənin “Kəpəz” klubu olacaq. Rəqibin ölkənin ən zəngin tarixə malik klublarından biri olmasına baxmayaraq, klublar cəmi 7 dəfə görüşüb.
Bu da qərblilərin müəyyən müddətə fəaliyyətini dayandırması ilə bağlıdır. Bu üzdən “Qəbələ” ilə Gəncə təmsilçisi arasında ilk oyun 2 il əvvəl oktyabrın 31-də baş tutub. Həmin vaxt “Gəncə” adlanan klubla 2 dəfə təsnifat mərhələsində görüşən “Qəbələ” qolsuz heç-heçələrlə kifayətlənmişdi. Bu komandalar həmin – 2010/11 mövsümündə 7-12-ci yerlər uğrunda final mərhələsində də üz-üzə gəldi. Lakin yenə hər 2 matç heç-heçə bitdi. Yeganə fərq ondan ibarət oldu ki, Qəbələdə komandalar 1 xalı 1 qolla qazandılar.
Ötən mövsüm isə komandaların hərəsi öz meydanında qalib gəlməyi bacardı. “Qəbələ” doğma divarlar arasında 2 cavabsız qol vurmağın öhdəsindən gəlsə də, gəncəlilər evdə minimal fərqə sevindi. Baxmayaraq ki, “Qəbələ” uduzduğu səfər matçında da 2 qol vurdu. Gəncə təmsilçisi cari mövsüm də ev oyununda minimal fərqli qələbəyə sevindi.
Bununla da ölkə kubokunda heç vaxt görüşməyən komandaların çempionatdakı 7 görüşündə top fərqi tarazlaşdı – 5:5. Düzdür, qələbə sayında “Kəpəz” öndədir. Lakin qonaqların heç vaxt qalib gəlmədiyi duellərdə 2-ci qələbəni qazanıb tarazlığa nail olmaq növbəsi “Qəbələ”nin tərəfindədir. Son 3 qarşılaşmada meydan sahiblərinin qalib gəlmək ənənəsinin davamı bunun üçün yetərlidir.