"Rəvan” növbəti transferini həyata keçirib.
Korner.az-ın məlumatına görə, komanda Azərbaycan millisinin sabiq futbolçusu Nodar Məmmədovun keçidini rəsmən həll edib. "Qəbələ”dən transfer edilən 24 yaşlı futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.
Millinin U-17 və U-19 komandalarının da formasını geyinmiş Nodar gənclərdən ibarət milli komandanın (U-21) kapitanı da olub. Onun 2007-ci il sentyabrın 11-də U-21-lər arasında təşkil olunan Avropa çempionatının Xorvatiya ilə səfər matçında 2 qol vurduğunu da əlavə edək.
Məmmədov keçidlə bağlı klubun rəsmi saytına danışıb: "Futbolçu karyeramda yeni səhifə açılır. Ümid edirəm ki, bu, həm mənim, həm də "Rəvan” üçün uğurlu olacaq. Əməkdaşlığımızın məhsuldar alınacağına tam əminəm.
Məncə, "Rəvan” heç də "Qəbələ”dən zəif deyil. Olsa-olsa, maddi baxımdan hardasa gerilik görmək olar. Ancaq mən pulu yox, futbolu düşünürəm. Baş məşqçi Ramil Əliyevin etimadını qazanmaq üçün məşqlərdə səylə çalışacam. Təxminən 1 aydan sonra, yəni çempionatda mübarizəyə yenidən start veriləndə əsas heyətin üzvü olacağıma inanıram”.