“Neftçi”dən nümunəvi addım
12.07.2021 , 18:50
“Neftçi” “Dinamo”ya (Tbilisi) qarşı Çempionlar Liqasının I təsnifat mərhələsi cavab oyununun biletlərinin satışından əldə olunacaq vəsaiti Qarabağ Dirçəliş Fondu və “YAŞAT” Fondunun hesabına köçürəcək.
Bu barədə klubun saytı məlumat yayıb. Bildirilir ki, bütün vəsait Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmış qurum olan Qarabağ Dirçəliş Fondunun və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fondunun hesabına köçürüləcək.
Sözügedən matçın biletləri sabah saat 11:00-da satışa çıxarılacaq. Qiyməti 5 (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 (3B) və 20 (3A) AZN təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə edə bilərsiz. Kassalar saat 21:00-dək işləyəcək.
İyulun 14-ü “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Dinamo” oyunu saat 21:00-da başlanacaq.