"Qalatasaray" klubunun sabiq qapıçısı 41 yaşlı Fərid Mondraqon Kolumbiya millisinə yenidən dəvət alıb. Korner.az-ın məlumatına görə, millinin baş məşqçisi Xose Pekerman sentyabrda keçiriləcək Uruqvay və Çili ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçlarında qapını Mondraqona əmanət edəcək. Mondraqon bu xəbəri sevinclə qarşılayıb və bu imkandan yenidən layiqincə yararlanacağını bildirib.
Qeyd edək ki, Fərid Mondraqon 2001 – 2007-ci illərdə “Qalatasaray”ın formasını geyinib. Hazırda o, 1990-cı ildə peşəkar karyerasına başladığı Kolumbiyanın “Deportivo Kali” klubunda çıxış edir.