Fransanın “Marsel” klubunun 17 yaşlı müdafiəçisi Qael Andonyan Ermənistan millisində çıxış etməkdən imtinasının səbəblərini açıqlayıb.
Korner.az-ın Ermənistan mətbuatına istinadən məlumatına görə, Qael müsahibəsində buna səbəb kimi gənc olmasını göstərib.
Andonyan deyib ki, onunla Ermənistan Futbol Federasiyasından əlaqə saxlayıblar: “Mənə yığmada oynamağı təklif etdilər. Ancaq imtina etdim. Hesab edirəm ki, hələ millidə oynamaq üçün çox gəncəm. Ancaq dəvət etmələri mənimçün fəxrdi”.
Fransanın 16 yaşadək futbolçulardan ibarət millisinin heyətində iki oyun keçirmiş Qael, hazırda heç vətəndaşı olduğu ölkənin şərəfini qorumaq haqda da düşünmür, ancaq… “Hələlik fikrimi milli komandalarda oynamağa yönəltməmişəm. Ancaq Fransa millisindən dəvət gəlsə, böyük qürur hissi keçirərəm. Dəvət etməsələr, fikrimi klubuma yönəldəcəm”.
Qeyd edək ki, Andonyan əslən erməni olsa da, nə Ermənistanda olub, nə də ermənicə danışa bilir.