Artıq başa çatmaqda olan ildə "İnter" 21 rəsmi qarşılaşma keçirib. 14 matç 2011-2012-ci il Premyer Liqa oyunları çərçivəsində, 4 oyun 2011-2012-ci il Azərbaycan Kuboku turniri çərçivəsində baş tutub.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, daha 4 qarşılaşma Avropa Liqasının təsnifat mərhəsi çərçivəsində, 18 oyun 2012-2013-cü il Premyer Liqa çərçivəsində və 1 oyun 2011-2012-cü il ölkə kuboku yarışları çərçivəsində oynanılıb.
Kaxaber Sxadadzenin yetirmələri 41 matçda 19 qələbə əldə ediblər, 13 oyunu sülhlə başa vurublar və 9 dəfə rəqibindən zəif olub. Vurulmuş və buraxılmış qollar arasında fərq 47-23 "bankirlər"in xeyrinədi.
"İnter" başa çatmaqda olan ildə ən böyük qələbəni Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində "Trans" komandasına qarşı keçirdiyi oyunda əldə edib – 5:0. Maraqlıdı ki, 2012-ci ildə komanda yalnız 1 dəfə 1 topdan çox fərqlə məğlub olub. Bu isə 2011-2012-ci il mövsümündə Premyer Liqa oyunları çərçivəsində "Xəzər-Lənkəran"a qarşı keçirilən qarşılaşmada baş verib. O zaman "İnter" rəqib komandaya 0:2 hesabıyla uduzub.
2012-ci ildə "İnter" 47 qol vurub ( orta hesabla bir oyunda 1,15 qol). "İnter"in heyətində 13 futbolçu fərqlənib: İbrahima Niasse, Nizami Hacıyev, Bronislav Çervenka, Baçana Sxadadze, Enyo Krastovçev, Girts Karlsons, Asif Məmmədov, Giorgi Adamiya, Slavço Georgiyevski, Tales Şüts, Vladimir Levin, Samir Zərgərov və Cako Arafat (daha 2 top avtoqol sayəsində qeydə alındı).
2012-ci ildə "İnter"in ən yaxşı bombardiri rəqib komandaların qapısından 12 qop keçirmiş Baçana Sxadadzedi. Nizami Hacıyev 9 qol vurub, İbrahima Niasse 7 dəfə sərrast olub, Vladimir Levin 3 dəfə fərqlənib, Asif Məmmədov, Samir Zərgərov, Slavço Georgiyevski, Giorgi Adamiya və Tales Şüts aktivlərinə 2 top yazıblar.
Hazırda komandanın heyətində çıxış etməyən Enyo Krastovçev, Girts Karlsons, Bronislav Çervenka və Cako Arafat isə hərəyə 1 qol vurublar.