Bu həftə Premyer Liqada Azərbaycan milli komandasının oyunları ilə əlaqədar yaranan fasilə sona çatacaq.
Korner.az-ın məlumatına görə, iki altılıqda mübarizə aparan klublar 24-cü turun oyunlarına çıxacaq. Bu dəfə 6 oyunun hamısı eyni gündə keçiriləcək. Peşəkar Futbol Liqasının rəsmi saytı martın 30-dakı turda üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki qarşılaşmalarının balansını təqdim edir.
XXIV tur, 30 mart (şənbə)
139. “Simurq” (Zaqatala) – “Bakı” (Bakı)
+3=7-4, top fərqi – 10:12
15-ci dəfə qarşılaşacaq rəqiblərin əvvəlki oyunlarından yarısı heç-heçə başa çatıb. Cari mövsümdə 2 qolsuz bərabərliyə imza atan komandalar son 6 matçdan 4-də hərəyə 1 xal qazanıb. Zaqatala təmsilçisi son 4 matçda qola həsrət qalıb.
140. “Qarabağ” (Ağdam) – “Qəbələ” (Qəbələ)
+6=7-5, top fərqi – 21:18
“Qəbələ” ilə son 6 oyunda qələbə qazana bilməyən “Qarabağ” ümumi balansda cüzi üstünlüyə malikdir. Lakin ağdamlılar evdəki son 3 qarşılaşmada qalib gələ bilməyib.
141. “İnter” (Bakı) – “Neftçi” (Bakı)
+6=11-16, top fərqi – 28:50
Əvvəlki 33 oyunda böyük üstünlüyə malik olan “Neftçi” son 4 matçda da rəqibinə uduzmayıb. Bundan başqa, “İnter”in meydanındakı son 4 oyunda hər 2 komanda qol vurmağı bacarıb.
142. “Sumqayıt” (Sumqayıt) – “Kəpəz” (Gəncə)
+3=2-1, top fərqi – 10:7
Bu komandaların qarşılaşmasında “Kəpəz” rəqib meydanındakı görüşlərdə xala həsrətdir. Son 3 matçda rəqibinə uduzmayan “Sumqayıt” isə buna qədər baş tutan 6 dueldə üstünlüyə malikdir.
143. “Turan” (Tovuz) – “Rəvan” (Bakı)
+1=2-3, top fərqi – 7:10
Ardıcıl 3 matçdır uduzmayan bakılılar ümumi balansda da üstünlüyə malikdir. Bu komandaların son 5 matçında meydan sahibi olan tərəf 2 qol vurur.
144. “Xəzər Lənkəran” (Lənkəran) – AZAL (Bakı )
+12=3-3, top fərqi – 24:9
Cari mövsümün hər 2 qarşılaşmasında qonaqların qalib gəldiyi komandalar ümumilikdə 19-cu qarşılaşmaya çıxacaq. “Xəzər Lənkəran” üstünlüyə malik olduğu bu qarşılaşmalarda ardıcıl 5 oyundur ki, meydanı qolsuz tərk etmir.