UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Albaniyanın “Skenderbeu” klubu ilə qarşılaşacaq “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev oyunöncəsi mətbuat konfransı keçirib.
Korner.az-ın məlumatına görə, "ağ-qaralar"ın baş məşqçisi rəqibə hörmətlə yanaşdığını dilə gətirib:
“Rəqibi öyrənmişik, rəqib haqda tanışlığımız var. Onların oyunlarına iki məşqçimiz baxıb. Biz rəqib hörmətlə yanaşırıq. Əgər biz rəqibə hörmət qoymasaq, deməli özümüz özümüzə hörmət qoymuruq. Öz ənənəmizə sadiq qalaraq sabah meydana qələbə əzmi ilə çıxacayıq. Rəqib əsasən müdafiədən oynayır. Biz bir şeyi unutmamalıyıq ki, bu gün istənilən taktikaya qarşı istədiyimiz taktikanı quracayıq. Biz fikirləşməyək ki, rəqiblə necə oynayaq, qoy rəqib düşünsün ki, “Neftçi” ilə necə oynayaq”.
Hacıyev daha sonra bunları dedi: “General qorxaraq futbolçularını savaşa aparırsa o, heç zaman qələbə qazana bilməz. Lazım gələrsə bütün komandayla hücum edib, istədiyimiz nəticəni qazanarıq. Futbolda heç vaxt təsadüflər olmur. İstədiyin komanda nəyəsə görə çıxıb bir oyun oynaya bilər. Amma oyunların hamısı təsadüf ola bilməz. Bu gün komandada psixoloji gərginlik yaşanacaqsa, məşqçilər korpusu nəyə görə komandada var? Mən futbolçularıma həmişə deyirəm ki, “Nə vaxt görsəniz ki, Böyükağa Hacıyev qorxur, siz də qorxun”. Napaleonun bir sözü var. “O əsgər ölübsə, o daha əsgər deyil”. Biz də qədərincə təcrübəli futbolçu var. Ona görə də heç bir psixoloji təzyiqdən söhbət gedə bilməz. Ancaq fikrimizi sabahkı oyuna yönəldib, qələbə haqda düşünürük”.
