Dünyamızda və məmləkətdə əndrəbadi hadisələr baş verməkdə davam edir. Bu gedişlə hələ gedəcək də. Götürək elə içimizdəki “Xəzər Lənkəran”ı. Burda nə baş verir, nə proses gedir sualına cavab tapmaq Şri-Lankanın prezidentinin adını tapmaqdan daha çətindi.
Yunis Hüseynovun “ordusu” axır 3 döyüşdən məğlub çıxır. Sonuncu “Turan” “şapalağı”nın səsi isə daha çox çıxdı – komanda uduzdu, bu da cəhənnəmə, iki oyunçusu qırmızı aldı.
Alınmır… Gətirmir… Yunis bəy nə edirsə, yenə də alınmır ki alınmır. Çempionluğa oynayan, iddiası avrokuboklar olan “Xəzər Lənkəran” bu gedişlə “ilk altılığ”a düşsə, “Bibi Heybət” məscidinə nəzir bağışlamağı unutmasın.
Klub funksionerləri Rednikdən narazı qalıb komandaya kimi gətirdisə, yenə yanlış addım atmış oldu. Sonuncu ümid Hüseynov idi ki, onu da klub daxilində istəməyən qüvvələr var. Klub rəhbərliyinin bu addımı gah futbolçular, gah da azarkeşlər tərəfindən birmənalı qarşılanmır. Rednikin gedişinə fanatlar “üsyan” etmişdisə, Kamran Ağayevin komandadan kənarlaşdırılması və hələ də geri qaytarılmaması futbolçulara, necə deyərlər, “ləzzət” etmir. Belə şəraitdə Kamrandan üz çevirib Kasilyası da gətirsən, çifayda. Çünki komanda 1 yox, 11 nəfərin oynadığı oyundu. 11 nəfərin futbolla yox, futbol oynadığı oyundu.
Salif Ballo yadınızdadımı? Bəyənməyib qapını göstərdiyiniz “qarabala”nı əvvəlcə “dubl”a göndərmişdiz. Sonra ordan da ilim-ilim itirdiz. Və budu, həmin “qayışbaldır” oğlan, təkbaşına sizin komandanın vurduğu topların sayı qədər top vurub. Salif sizə kimi necə seçmək lazım olduğunu göstərdi. Barı gördüzmü..?