Şənbə günü Topaz Premyer Liqasının cari mövsümündə ilk qələbəsini qazanan “Bakı”nın heyətində daha iki yeni futbolçu debüt etdi.
Korner.az-ın “Araz Naxçıvan”a qarşı keçirilmiş matçda “zolaqlılar”ın heyətində debüt edən Valeh Seyidov və Mahir Mədətov matçla bağlı klubun saytına danışıblar.
Mahir Mədətov: “Hamımız üçün çətin oyun oldu. Həftə ərzində bu oyuna ciddi hazırlaşmışdıq. Oyuna bir neçə gün qalmış ürəyimə dammışdı ki bu matçda meydana çıxacam. Hətta oyunda vəziyyət yaxşı olmayanda meydana daxil olacağımı hiss etmişdim. Elə də oldu. Bir qol buraxmışdıq. Belə vəziyyətdə məşqçi mənə şans verdi. Demirəm ki oyunu dəyişə biləcək fövqəladə bir oyun göstərdim, ümumilikdə ilk oyunumun uğurlu alındığı qənaətindəyəm. Futbolu öyrəndiyim klubun əsas komandasında oyuna çıxdığım üçün sevincliyəm.
Valeh Seyidov: “Ilk oyunum olduğu üçün çox həyəcanlı idim. Debütümdə komandanın qələbə qazanması məni sevindirdi. Növbəti oyunlarda meydanda olduğum dəqiqələrin sayını daha da artırmağa, çalışıb daha yaxşı mübarizə aparacağam. Qol isə özü gələcək”.
