“Avro-2016″nın seçmə mərhələsində sabah millimizlə keçiriləcək oyun İtaliya millisinin qapıçısı Canluici Buffon üçün əlamətdar olacaq.
Korner.az-ın məlumatına görə, 37 yaşlı qolkiper İtaliya millisinin heyətində yubiley matçına çıxacaq.
Bakı Olimpiya stadionunda baş tutacaq matç Buffonun yığmadakı 150-ci oyunu olacaq. Maraqlıdır ki, Buffon ötən ay Bolqarıstanla baş tutan görüşdə 150-ci matçını keçirib. Lakin FİFA onun iştirak etdiyi yoxlama görüşlərindən birini beynəlxalq oyun kimi qəbul etməyib. Bu səbəbdən Buffonun İtaliya yığmasındakı 150-ci oyunu millimizlə görüşə təsadüf edəcək.
