AFFA-nın rəsmi saytı şübhəli oyunlarla bağlı açıqlama yayıb.
Korner.az-ın məlumatına görə, açıqlamada deyilir ki, UEFA 27 may 2011-ci il tarixli sirkulyar məktubuna əsasən Avropa miqyasında üzv Assosiasiyalarda danışılmış oyunlara qarşı mübarizə aparmaq üçün nümayəndələrdən ibarət şəbəkə yaradıb.
Bu şəbəkənin yaradılmasının əsas məqsədi danışılmış oyunların qarşısının alınmasıdır. UEFA 2012-ci ildən etibarən danışılmış oyunlarla bağlı mübarizə işinə nəzarəti gücləndirıb və üzv olan 53 Assosiasiyada nəticəsi şübhə doğuran oyunları yoxlamağa başlayıb.
Bu layihə çərşivəsində AFFA müxtəlif mənbələrdən daxil olan məlumatlara uyğun olaraq şübhəli oyunların araşdırılmasını həyata keçirir və bununla bağlı UEFA ilə məlumat mübadiləsi aparır. Son zamanlar AFFA-ya daxil olmuş məlumatlara əsasən Premyer Liqasının növbəti turlarında keçiriləcək bəzi oyunların “danışılmış oyunlar” kateqoriyasına daxil olması ehtimal edilir. Eyni zamanda, oyunların nəticələrinin əvvəlcədən müəyyənləşdirilməsində bəzi futbolçuların iştirakı da ehtimal olunur. Bu məlumatı nəzərə alaraq AFFA bu oyunları diqqətlə izləmək üçün Apellyasiya və Ekspert Komitəsinin nəzdində futbol mütəxəssislərindən ibarət xüsusi qrup yaradıb. Bu qrup həmin oyunları diqqətlə izləyəcək və AFFA-nın Apellyasiya və Ekspert Komitəsinə hesabat təqdim edəcək. Qrup üzvlərinin hesabatı əsasında oyunların nəticələrinin şübhəli olub-olmaması faktı müəyyənləşdiriləcək. UEFA-nın tələblərinə əsasən qrupun fəaliyyəti konfidensial xarakter daşıyır.
