Dimitrios Sialmas yenə dubl etdi
“Xəzər Lənkəran”ın əsas və əvəzedici heyətləri arasında oyun keçirilib.
Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, təmsilçisinin stadionunun yardımçı meydançasında güclü yağış altında keçən qarşılaşmada əsas komanda “kiçik qardaşlarına” 2:1 hesabı ilə qalib gəlib.
Belə ki, son zamanlar fəallığı və dinamik oyunu ilə seçilən yunan hücumçumuz Dimitrios Sialmas bu oyunda da 2 dəfə fərqlənməyi bacarıb. Əsas komandanın qapısına vurulan yeganə qolun müəllifi isə gənc istedadlı futbolçu Elnur Cəfərov olub.
Qeyd edək ki, hər hissəsi 35 dəqiqə davam edən oyunda əvəzedicilərin heyətində artıq əsas komandada çıxış edən oyunçular Kazım Kazımlı, Akif Tağıyev və Kamran Abdullazadə yer alıblar. Ağabala Ramazanov isə bir hissədə əsas, digərində isə əvəzedicilər heyətində çıxış edib.