Zlatko Daliç millimizin bu futbolçusundan ehtiyat edir
18.03.2019 , 16:23

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstan milli komandaları ilə qarşılaşacaq Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç açıqlama verib.
52 yaşlı mütəxəssis müdafiə xəttindəki problemlərdən danışıb: “Azarkeşləri oyuna dəvət edirəm. Onların dəstəyinə ehtiyacımız var. Problemlərdən çox danışmaq istəmirəm. Mənfi düşüncələrə qapılmaq fikrində deyiləm. Sadəcə, müdafiə xəttində problemlər var. Əlimizdə olan futbolçular müdafiədə birgə çox oynamayıblar. Buna görə də kompakt olmaq çətindir. Azərbaycanla oyunda kimlərin müdafiədə olacağını danışmışıq. Hələ ki, yekun qərar vermədik. Lovre Kaliniçə də güvənim sonsuzdur. Ancaq digər qapıçımız Livakoviç də formadadır. İki gündə qərar verəcəyik. Yarımmüdafiə və irəli xəttdə oynyana oyunçularımızın vəziyyəti isə yaxşıdır”.
Zlatko Daliç millimizlə oyun haqda bu fikirləri səsləndirib: “Azərbaycan yığmasının heyətinə baxdım. Bəzi gənc futbolçuları dəvət ediblər. Ancaq təcrübəli və sabit futbolçuları da var. Braziliyalı futbolçu Riçard Almeydaya qarşı diqqətli olmalıyıq. Rusiya Premyer Liqasında çıxış edən futbolçuları var. Uzun ötürmələrə diqqət etməliyik. Azərbaycan ciddiyə alınacaq komandadır. Məsuliyyəti dərk edirik. Ciddi yanaşmasaq, problemlərimiz olacaq”.
Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu martın 21-də “Maksimir” stadionunda keçiriləcək. Bundan 3 gün sonra “damalılar” Macarıstanın qonağı olacaq. (Sportske Novosti)
