Müsahibə

“Zirə”yə minnətdaram ki, bura dəvət etdilər” – Qadze

11.11.2019 , 00:46

“Zirə”nin hücumçusu Riçard Qadze Premyer Liqanın 11-ci turunda “Qarabağ”la oyundan (1:1) sonra jurnalistlərə müsahibə verib.

Komandasının yeganə qolunu vuran qanalı forvard nəticəni şərh edib:

– Komandamı nəticəyə görə təbrik edirəm. Yaxşı xarakter göstərdik. Unutmayaq ki, çətin rəqiblə oynadıq. Bu bir xala görə təbrik düşür.

– Bunu “Zirə” üçün 3 xal hesab etmək olar?
– Mənim fikrimcə, bunu 3 xal hesab etmək olar. Biz geri durumda idik, amma hesabı fasilədən sonra bərabərlik əldə etdik. Hətta ikicni qolu da vura bilərdik. Bu nəticə təqdirəlayiqdir.

– “Zirə”yə ikinci dəfə keçdin. Assistlər edib, qollar vurursan. Düşünmürsən ki, komandaya gec qoşuldun?
– Mənim üçün yaxşı haldır. “Zirə”yə minnətdaram ki, bura dəvət etdilər. Formada deyildim, 3 ay idi ki, futboldan kənar idim. Baş məşqçiyə etimad göstərdiyi üçün təşəkkür edirəm. Çalışıram ki, onun etimadını doğruldum.

– Asmir Beqoviçə qol vurmaq necə hissdir? Onun ayaqları arasından topu tora qovuşdurdun.
– Mən sadəcə cəhd etdim. Hücumçuyam, evdə olduğum günlərdə futbola baxıram. Beqoviçin ilk addımını atdığı anda bir az da gözləsəydim, bəlkə də, gecikəcəkdim. Fürsətdən anında istifadə etdim.

– “Zirə” “Qarabağ”ı məğlub edə bilmir. Bunun üçün nə çatmır?
– Müsahibələrimdə hər zaman demişəm ki, “Qarabağ” əla komandadır. Onlara qarşı oynamaq çətindir. Bu nəticə də uğurludur. “Qarabağ” güclü olmaqda davam edir.

– Çempionatın bombardirinin 5 qolu var. Ona çata bilərsən?
– Şəxsi uğurların önəmi yoxdur. “Zirə”yə kömək üçün gəlmişəm. Qol vurmaq xoşdur, amma komandanın durumu məni daha çox maraqlandırır.

Son yazılar

Yuxarı