Zirə qəsəbəsinin girişində “Zirə” futbol klubunun loqosu və “Zirə” ilə zirvəyə!” yazısı olan bir lövhə var. Adil Şükürovun yetirmələri bu şüara layiq olduqlarını ötən mövsüm sübut etdilər. Premyer Liqaya ilk dəfə qatılan komanda elə ilk cəhddə gümüş medalı muzeyinə götürdü. Bir çox azərbaycanlı futbol azarkeşləri də mənim kimi düşünürdü: Azərbaycanda “Qəbələ” və “Qarabağ” səviyyəsində olan üçüncü komanda formalaşır. Ancaq…
Ötən mövsüm sərgilədiyi futbolla Azərbaycan futbolsevərlərinin rəğbətini qazanan “Zirə” komandası bu uğurun təsadüf olduğunu sübut etməkdədi. Qəsəbə təmsilçiləri Premyer Liqada artıq 7 oyuna çıxıb və bu görüşlərdə 2 qələbə bir heç-heçə və 4 məğlubiyyətlə ayrılıb. AZAL, “Sumqayıt” kimi komandalarda bu nəticə normal sayılır. Ancaq ötən mövsüm “heyif avrokuboklarda oynamayacaq” dediyimiz komandanın bu göstəricisi heç də ürəkaçan deyil. Adil Şükürovun komandasının bu il sərgilədiyi oyun azarkeşlərə sanki “elə yaxşı ki də, iki yaşları vardı, oynamadılar” ifadəsini doğrultmağa yönəlir. Bəlkə də, “Zirə” komandası hələ “uşaq” idi deyə belə uğur qazandılar. Komanda artıq yaşca “böyüyür” və həyatın bütün çətinlikləri ilə üzləşir.
Topaz Premyer Liqasının VII turunda baş tutan “İnter”lə oyun zirəlilər üçün uğursuzluq sindromunu qırmaq baxımından dönüş nöqtəsi ola bilərdi. “Bankirlər”in mövsümə elə də pis başlamadığını nəzərə alsaq, bu oyunda qazanılacaq qələbə Adil Şükürovun yetirmələri üçün əlavə motivasiya ola bilərdi. Ancaq olmadı. Gərgin olmayan mübarizə şəraitində keçən matç sülhlə başa çatdl – 1:1. Bununla da “Zirə” mövsümdə ilk dəfə olaraq bir xal qazandı.
“İnter”in qolu
Azərbaycan futbolunun tanınmış siması Zaur Ramazanovun qardaşı Ağabala Ramazanov üçün bu matç uğurlu keçdi deyə bilərik. Ramazanovun meydanda olan 22 futbolçunun hamısından çox qaçdığını demək olar. İstedadlı futbolçunun göstərdiyi fəallıq matçın nəticəsinə də təsir etdi. Doğrudu, Ağabalanın vurduğu qol “Zirə”nin iki stoperinin səhvindən oldu. Amma yenə də “İnter”in futbolçusu həmin anda orda olmasaydı, qol da olmazdı.
Qırtımov və Xəlilzadə mübarizəsi
Oyunda xüsusi diqqət çəkən məsələ meydanın sol cinahı idi. “İnter” hücumlarını daha çox bu cinahdan təşkil edirdi. “Bankirlər”in futbolçusu İlkin Qırtımovla “Zirə”li Təmkin Xəlilzadə oyun boyu bir-biri ilə maraqlı mövqe mübarizəsi aparırdı. İlk hissədə demək olar ki, bütün mübarizələrdə qalib ayrılan İlkin Qırtımov sona qədər bu tempi qoruya bilmədi. Elə komandası da ilk hissədə oyuna etdiyi nəzarəti sona yaxın əldən verdi. Ümumilikdə, ikinci hissənin sonlarına yaxın, daha dəqiq, matçın son 10 dəqiqəsində “Zirə” bütün komponentlərdə rəqibinə qalib gəlirdi. Qarşılaşmanın 82-ci dəqiqəsində Təmkin növbəti dəfə İlkinlə mübarizədən qalib ayrıldı və qapıya doğru təhlükəli asma etdi və top qapı dirəyindən meydanı tərk etdi. Bu epizoddan az sonra İlkin Qırtımov zədə aldı və meydanı axsayaraq tərk etdi. Zaur Svanadze həm tempi bir qədər “öldürmək”, həm də Təmkinin qarşısını almaq üçün iki dəyişiklik etdi.
Mübahisəli penalti
Oyunun 62-ci dəqiqəsində Təmkin Xəlilzadə cərimə meydançası içərisində irəliləyirdi. İlk Qırtımov isə onun qarşısını aldı. Kənardan penaltiyə bənzəyən epizodda Fariz Yusifov simulasiyaya görə Təmkinə sarı vərəqə göstərdi. Ancaq bu qərarın nə dərəcədə doğru olduğu sual altındadı. Hər halda hakim epizoda daha yaxın idi və həmin an doğru qərar qəbul etməyə borcludu.
“Zirə”nin qolu
“İnter”in etdiyi dəyişikliklər və Qırtımovun zədələnməsi vaxtı bir qədər uzatdı. Amma oyun boyu “İnter”də axtardığı boşluğu son dəqiqələrdə tapan qəsəbə təmsilçiləri matçın sürətini istədiyi tərzdə saxlayırdı. Sona beş dəqiqə qalmış “Zirə” ardıcıl hücumlar edirdi. 87-ci dəqiqədə Gerhard fərqlənməyə yaxın oldu, 88-ci dəqiqədə Migel qapıyla paralel təhlükəli ötürmə etdi, lakin topa toxunan olmadı. Bu epizddan bir dəqiqə sonra Şemonayevin uzaqdan zərbəsini qapıçı dəf etdi. Yaranan fasiləyə görə oyunun sonuna 4 dəqiqə əlavə edən referi Fariz Yusifov əlavə etidiyi dəqiqələrdə matçda ikinci dəfə mərkəz xəttini göstərdi – İqbekoyinin baxımlı qolu ilə “Zirə” hesabı bərabərləşdirdi.
Ancaq…
Bu nəticə bizə ötənilki “Zirə”ni xatırlatmır. Adil Şükürov bu uğursuzluğa Bonilyanın yoxluğu, yeni oyunçuların adaptasiya problemi, yaxud da “qara zolaq” kimi səbəblər gətirə bilər. Açıq aşkar görünür ki, bu səbəblər komandaya ciddi problemlər yaradır. “Zirə” bu mövsüm də zirzəmiyə yox, zirvəyə qalxmaq istəyirsə, bu “uğursuzluq seriya”sına son verməlidi.
Məmmədov İlkin
