Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Neftçi"nin rəqibo olan "Zestafoni" klubunun yarımmüdafiəçisi Tornike Qorqiaşvili klubun rəsmi saytına müsahibə verib. Korner.az həmin müsahibəni təqdim edir:
– Avstriya toplanışınız necə keçir?
– Hər şey əla keçir. Fiziki, taktiki cəhətdən hazırlaşırıq, yoxlama oyunları keçiririk.
– "Styaua" ilə son oyununuz barədə nə deyə bilərsiz?
– Hesab edirəm ki, biz ilk hissədə yaxşı oynadıq. Daha çox top saxlayırdıq, hücumlar təşkil edirdik. İkinci hissədə isə rəqib nisbətən üstün oyun sərgiləməyə başladı. Məncə, heç-heçə tam ədalətli nəticə oldu. "Styaua" elə də çox qol epizodu yarada bilmədi. Amma buna baxmayaraq, əla komanda olduğunu deməliyəm. İndi bizi sadəcə Çexiya "Slovan"ı ilə oyun gözləyir.
– "Neftçi"nin oyunlarının videoyazısına baxmısız?
– Təkcə videoyazılara yox. Məşqçilərimiz oyunlarını da canlı izləyiblər. Bakıdakı ilk oyun ərəfəsində biz bu komandanı daha ətraflı analiz etməyə çalışacağıq. Məşqçilər deyirlər ki, "Neftçi" çox güclü komandadı.
– Rəqib düşərgədən kifayət qədər kəskin açıqlamalar eşidilir…
– Qorxulu heç nə yoxdu. Meydanda hər şeyə aydınlıq gətirərik. Sözdə qələbə qazanmaq asan olur.
– "Zestafoni"də ötən mövsümlə müqayisədə nə dəyişib?
– Mən deməzdim ki, komandada böyük dəyişikliklər olub. Özümlə bağlı onu deyə bilərəm ki, hücumlara daha çox qoşulmağa başlamışam. Biz xoşbəxtliyi həmişə rəqib qapısında axtarmağa çalışırıq.
– "Zestafoni" Çempionlar Liqasının yeni mövsümündə əvvəlki ilə müqayisədə daha uğurlu çıxış edə bilərmi?
– Niyə də yox? Əsas məqsədimiz Avropada yaxşı oynamaq, qrup mərhələsinə çıxmaqdı. Çempionlar Liqasının qrup mərhələsi daha yaxşı olardı.
