Futbol

Zdenek Folprext: “Neftçi” digər komandalara qarşı təhlükəli rəqibdir”

14.02.2017 , 06:15

“Neftçi”nin futbolçusu Zdenek Folprext Azərbaycan Premyer Liqasının 18-ci turunda “Sumqayıt”la oyundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

– Oyun haqqında nə düşünürsən?

– Fikrimcə, çox vacib qələbə qazandıq. Belə matçlarda qolun gözəlliyinin önəmi yoxdur, vacib olan qol vurmaqdır. Onu da demək istəyirəm ki, “Sumqayıt”ın qapıçısı möhtəşəm idi. Bir epizodda qapıya zərbə endirdim, zərbənin qol olacağını düşünüb, artıq qeyd etməyə başlamışdım. Və daha sonra gördüm ki, qapıçı topu dəf etməyi bacardı. Sadəcə, fantastik idi qapıçı.

– “Sumqayıt”ın qapıçısı Fərhad Vəliyevi öz komandanda görmək istəyərdin?

– Bizim qolkiperlər da çox yaxşıdır. Düşünürəm ki, onlar komandamızın səviyyəsinə uyğundur.

– İlk hissədə böyük qüvvə ilə irəli atılmadınız. Baş məşqçinin tapşırığı idi?

– Xeyr. Bizə vaxt lazım idi ki, hava şəraitinə-qara uyğunlaşaq. İkinci hissədə isə artıq qara da, meydançaya da uyğunlaşmışdıq və daha yaxşı oyun sərgiləməyə başladıq. Əsas səbəb bu idi.

– Turnir cədvəlində bir pillə irəliləyərək 6-cı sıraya qalxdınız…

– Mən komandaya yenicə qoşulmuşam. Qış fasiləsindən sonra dörd oyun keçirdik və məncə, nəticələrimiz də pis deyil. Əminəm ki, komandamız turnir cədvəlində daha yüksək pillələrə yüksələcək.

– Öncəki turlarda ardıcıl olaraq, “Qarabağ” və “Qəbələ” klubları ilə qarşılaşdınız. Sizcə, hansı klub daha yaxşı təsir bağışladı?

– Baxmayaraq ki, “Qəbələ”yə məğlub olduq, “Qarabağ”la heç-heçə etdik, amma məncə, “Qarabağ” daha güclüdür.

– İki oyun ard-arda qələbə qazandınız. Düşünürsən ki, “Neftçi” uğursuzluq zolağından çıxıb?

– Bəli, biz uğursuzluq zolağından çıxmışıq və deyə bilərəm ki, artıq “Neftçi” digər komandalara qarşı təhlükəli rəqibdir.

Son yazılar

Yuxarı