Topaz Premyer Liqasının 22-ci turunda evdə “Sumqayıt”ı məğlub edən (1:0) “İnter”in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Korner.az-ın məlumatına görə, gürcü mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:
– Asan oyun olmadı. Xüsusilə də, ikinci hissə bizim üçün çətin keçdi. Hesabda öndə olanda bərabərlik qolunu buraxmaq narahatlığı ilə oynayırsan. Əsas odur ki, qələbə qazandıq. Komandadan razı qaldım. Səlahət Ağayev, Abbas Hüseynov və Slavik Alxasov bu gün oynaya bilmirdilər. Buna baxmayaraq, lazımi qələbəni əldə etdik. İndi “Neftçi” ilə qarşıdakı matça hazırlaşacağıq.
– Həm 4, həm də 2-ci yerlə aranızda xal fərqi çoxdu. Mövsümün qalan hissəsinə məqsədiniz nə olacaq?
– Əsas məqsədimiz Avroliqaya vəsiqə qazanmaqdı. Əlbəttə ki, fövqəladə bir hadisə olarsa, turnir cədvəlində irəliləyərsək, buna sevinərik. (futbol11.az)
